Erməni
daşnaklarının əsas dayaq nöqtələrindən biri də Çaykənddə yerləşirdi. Azərbaycanın
əleyhinə aparılan ədalətsiz müharibənin bir çox planları burada cızılır, erməni
təxribat qrupları bəd əməllərini ardıcıl, planlı şəkildə həyata keçirirdilər.
Çaykəndin
erməni separatçılarından təmizlənməsini Gəncədə yerləşən Rusiya qoşunlarının
komandanı Şerbakın adına yazanlar vardır. Lakin bu belə olmamışdır. Çaykənddə
aparılan məşhur əməliyyata o zaman DİN vəzifəsini daşıyan, qeyrətli,
vətənpərvər Azərbaycan övladı olan general Məhəmməd Əsədov rəhbərlik etmişdir.
Oxucuların
marağını, xalqımızın döyüşkən əhval-ruhiyyəsini əks etdirən «Daş var danışır,
dil var susur» yazısında («Azərbaycan müəllimi» qəzeti 25 noyabr 1995-ci il)
respublikanın sabiq baş prokuroru Eldar Həsənovun müsahibəsindən bir hissəni
qəzetimizdə verməyi məsləhət bildik.
Azərbaycan
xalqı və ordusu yenilməzdir.
20 noyabr
1991-ci il - Azərbaycanın görkəmli dövlət xadimlərindən, mərd oğullarından bir
neçəsi Qarabağ səmasında vertolyotda, partladılaraq sinəmizə dağ çəkildiyi faciəli
gün! O günün qurbanlarından biri də general Məhəmməd Nəbi oğlu Əsədovdur.
Curnalist Telman Mehdixanlı general haqqında xatirələrdən ibarət kitab
hazırlayıb. «Sönən çırağın şöləsi» adlanan həmin kitabdan respublikanın baş
prokuroru Eldar Həsənovla söhbəti kiçik ixtisarla oxuculara təqdim edirəm.
- Görənlər
məşhur «Çaykənd əməliyyatı»nı ikinci dünya savaşında Kursk uğrunda döyüşlərə bənzədirlər.
- Bəlkə də
belədir… Azərbaycanda ordu quruculuğu məsələsini gələcəkdə, sözsüz ki,
tarixçilər araşdıracaqlar. Bu gün isə mən bunu deməyi özümə borc bilirəm ki,
Məhəmməd Əsədov Azərbaycanda ordu quruculuğunun ilk çağırışçısı və
təşkilatçılarından biri olub. Təsəvvür edin ki, döyüş bölgələrində qrupların,
dəstələrin komandirləri məhz onların doğulduğu torpaqdan - düşmən hücumuna məruz
qalan kəndlərdən, rayonlardan seçilirdi. Nazir həmin komandirlərə deyirdi:
«Sənin ata yurdun hər an işğal oluna bilər, babanın qəbrini ya qorumalısan, ya
da ar-namusu unudub isti, rahat ünvan həvəsiylə ön cəbhədən çəkilməlisən». Bir
insan, bir nazir kimi ona böyük inam vardı. O, sadəcə göstəriş verən deyil,
daim səngərdə olan əsgər, zabit idi. Əsədov əsas güc naziriydi. Bununla belə,
rahatlıq, dinclik nədir, -yadından çıxarmışdı. Həftələrlə ön cəbhədə olardı.
Komandanı şəxsən özü verirdi. O, əynindən döyüş paltarını çıxartmırdı.
Kəndlərdə sakinlər yalnız Məhəmməd Əsədovu təkidlə görüşə çağırırdılar. Niyə?
Ona görə ki, camaatın ona böyük inamı vardı. Əgər Əsədov döyüş bölgəsində
idisə, rahat nəfəs almaq olardı!
Bir də general
Əsədov yerlərə, ayrı-ayrı kəndlərə gedəndə vəziyyətlə kompleks şəkildə tanış
olur, bütün çatışmazlıqları da bu qaydada, çevik şəkildə aradan qaldırırdı.
Təsərrüfat rəhbərləri, iş adamları daim onun ətrafındaydılar.
Məhəmməd
müəllim təbiətən çox narahat adam idi. Bizlərə inanırdı, bununla belə,
tapşırıqlarını şəxsən özü yoxlayırdı. Gəncə milis idarəsinin rəisi işlədiyim
müddətdə hər on günün azı səkkizini cəbhə bölgələrində olmuşam. Özü də bunu
özümə təkcə vəzifə, xidməti borc deyil, həm də başucalığı hesab edirdim. Çünki,
mənə komanda verən həddən artıq diqqətli, şərəfli adam idi. O, tapşırığını,
göstərişini elə aydın izah edər, elə icra etdirərdi ki, adamın ruhu da inciməzdi.
1991-ci il
aprel ayının 30-u istiqlal tariximizə qızıl hərflərlə yazılıb. Bəli, məşhur
Çaykənd əməliyyatı o gün həyata keçirilməyə başlandı. Çaykənd ermənilərin
quldur yuvasıydı. Bütün «boyeviklər» buradan Gülüstana, Ağdərəyə, ümumiyyətlə,
Qarabağa taun kimi yayılırdı. Nazirimizin bu yaşayış sahəsi barədə qəti planı
vardı: bölgə təcili olaraq quldurlardan təmizlənməlidir! Əməliyyata rəhbərliyi
Müdafiə Komitəsi Əsədova tapşırmışdı. Rəhmətlik Gəncədəydi. Xeyli müzakirələr,
araşdırmalar apardıq. Qan tökmədən, itki vermədən Çaykəndi yaraqlılardan
təmizləmək, onları tərksilah etmək, dinc sakinləri köçürmək! Əmr beləydi. O vaxtlar
Azərbaycanın əslində ordusu yox idi. Yalnız nazirin təşəbbüsü ilə yaranan
xüsusi təyinatlı milis dəstəsi vardı. Burasını da qeyd edim ki, Məhəmməd Əsədov
bu dəstəni xalqımızın, torpağımızın müdafiəsi, qatı cinayətkarlara qarşı
mübarizə aparmaq üçün yaratmışdı. İlk XTMD-çilər qanlı-qeyrətli oğullar idilər.
Heyf ki, sonradan həmin dəstəyə yaramaz, çirkin niyyətli adamlar daxil oldular.
General
Azərbaycanın ən layiqli, ən hünərvər oğullarını bu dəstəyə cəlb etmişdi. Xocalı
aeroportunun qorunması, Xankəndinə nəzarət, azərbaycanlılar yaşayan kəndlərdə
sakinlərin mühafizəsi, bütövlükdə
torpaqlarımızın müdafiəsi məhz bu dəstənin adıyla bağlıydı. «OMON» adı gələndə elə bil,
ermənilərin canına od düşürdü.
Əməliyyatın
başlanmasına az qalırdı. İndiki kimi yadımdadır, ona komandirlik etməyə on iki
namizəd vardı. Ümumi rəhbərliyn isə nazirin özu edəcəkdi. Heç gözləmədiyim
halda nazir; «Eldar Həsənovu komandir təyin edirəm» - dedi. Mən; «Yest, tovariş
general» - dedim. O: «Yest yox, baş üstə, cənab general!» - dedi.
Çaykənd
əməliyyatı çox böyük əhəmiyyətli olan hadisəydi. Xüsusən, nazirimizin bizimlə
yanaşı, çiyin-çiyinə, olması döyüş ovqatımızı qat-qat artırırdı. Yeri
gəlmişkən, əgər ordu, dəstə məğlub olursa, onun kökünü başqa yerdə yox,
rəhmətlik general demiş, özümüzdə axtarmalıyıq, komandanı yanında görən döyüşçü
ürəklənər, ya yox? General Əsədovun komandanlığı altında hazırladığımız hücum
taktikası böyük uğurla nəticələndi. Ətrafdakı Qarabulaq, Buzluq, Manaşet
kəndləri də erməni yaraqlılarından təmizləndi. Bu əməliyyat erməni-Azərbaycan
münaqişələri tarixində haqlı olaraq Məhəmməd Əsədovun adıyla yaşayacaq.
Nazirimiz çox
diqqətli, həssas adam idi. Döyüş bölgəsində fərqlənən əsgər və zabitlər onun
tərəfindən sevilir, seçilirdi. O deyərdi: «Döyüşçü evindən arxayın olsa, daha
əzmlə vuruşar».
Döyüşdə
fərqlənən neçə-neçə gənclərin toyunu elətdirdi! Şəhid olan sıravi əsgərin də,
zabitin də yas məclisinə gedib nazirlik və şəxsən öz adından başsağlığı,
verərdi. Bunlara görəydi ki, döyüşçülər onu olduqca çox istəyir, yolunu
gözləyirdilər. Nə qədər ki, Əsədov Daxili İşlər naziri idi, torpaqlarımız
ləyaqətlə qorunurdu. Neçə-neçə erməni yaşayan kənd azad edilmişdi.
Dövr dəyişir,
vaxtilə hakimiyyətdə olanlar zamanın, tarixin süzgəcindən keçməli olurlar.
Onlardan bir çoxu sonralar cani-cinayətkar kimi tanınır, haqqında qəti imkan
tədbirləri həyata keçirilir. Amma deyin, Məhəmməd Əsədovun qanunsuz, ədalətsiz,
haqsız, qərəzli, qeyri-obyektiv bircə hərəkəti, əməli ilə bağlı bir söz
eşitmisinizmi? Yox! Ona görə ki, o, əsl xalq adamıydı, millətinin qənimət
oğluydu!